ائلچین  کتاب

ائلچین کتاب

تورک دیلی و ادبیاتی
ائلچین  کتاب

ائلچین کتاب

تورک دیلی و ادبیاتی

Bağban Həsənin Hekayəsi -Ramiz Rövşən

Bağban Həsənin Hekayəsi

Ramiz Rövşən

 

Bağban Həsən bir gülməli adamdı,

Bu dünyada sevdiyi söz “atam”dı.

Daşa da “atam” deyərdi,

ağaca da,

adama da.

Mənə də “atam” deyərdi,

atama da.

Söyəndə də, döyəndə də

“atam” deyərdi.

…anadangəlmə

atadan yetim idi bağban Həsən…

***  

Bağban Həsən evlənmədi, ata olmadı,

Totuq əllər

toxunmadı yaxasına.

Yuxusunda

çılpaq-çılpaq xanımları

görməyi arzulardı,

Çılpaq-çılpaq ağaclar

girərdi yuxusuna.

…bir gün yuxusuna bir ağac girdi;

üstü meyvə dolu armud ağacı –

bircə yarpağıda yoxuydu ancaq.

Armudlar yupyumuru xanımlardılar,

Budaqlarda

bardaş qurub əyləşmişdilər,

Hamısı da dəymişdilər yetişmişdilər,

Hansına əlini toxundurdusa

o saat qırılıb yerə düşdülər.

…səhərəcən

bir armudda qalmamışdı budaqda,

Səhərəcən təkcə yatdı yataqda…

***

Evlənsə

qız tapılardı

nə qədər desən,

Görünür evlənmək yoxdur baxtında.

İllər ötdü… və lap qoca vaxtında

bir qız sevdi bağban Həsən.

Qız şəhər qızıydı, müəlliməydi,

Ananın bir dənəsiydi,

gəlmişdi kəndə.

Sonar anası da dözmədi, gəldi,

Və bir ev verdilər

ana-balaya,

Yazıq bağban Həsən düşdü bəlaya;

sığal çəkib üst-başına,

gündə yüz yol dolandı

o evin başına.

Hamı bir yerə yozdu

 bu get-gəlin mənasını,

Yığışıb aldılar bağban Həsənə

qızın dul anasını…

***

Və o gündən gecələr

yatağını doldurdu

qadın nəfəsi, qadın əti.

Və o gündən gecələr

bağban Həsən yuxu görmədi.

Bir gün, bir ay, bir il

yuxu görmədi bağban Həsən.

Pis yaşamırdı deyəsən,

Bığaltı qımışırdı soruşanda: – Necəsən?...

Eləcə

ölənəcən yaşardı bəlkə də,

Günlərin bir gecəsi

armud ağacı

girməsəydi yuxusuna;

üstü yarpaq dolu armud ağacı, –

bircə meyvəsi də yoxuydu ancaq.

Ha baxdı bağban Həsən, ha baxdı;

ən hündür budaqda,

gözdən uzaqda

bir armud vardı.

Əlini uzatsa əli çatmazdı,

O budağa çıxmağa

hünəri çatmazdı bağban Həsənin.

Ha baxdı bağban Həsən, ha baxdı,

Çağırdı: – Hardasan, a bəxtim?!.

Və birdən haradansa

qapqara bir quş

Girdi yuxusuna bağban Həsənin,

başladı armudu dimdikləməyə.

Bir daş atdı bağban Həsən,

quşa dəymədi.

Birini də atdı, yenə dəymədi.

Atdı birini də…

Armuda dəydi daş,

qırıldı armud,

çığırdı armud,

Çığıra-çığıra düşdü budaqdan.

Ha baxdı bağban Həsən, ha baxdı;

Armud nə gəzirdi?!..

Bir qız üzüquylu düşmüşdü yerə,

qan axırdı saçlarının arasından.

…qara quş uçub getdi

bağban Həsənin yuxusundan…

***

Səhər ölüncə döydü

arvadını bağban Həsən.

Camaat yığıldı səsə,

qız da gəldi,

Hönkür-hönkür ağladı bağban Həsən

qızı görüncə.

Qız anasını da apardı, getdi.

…axşam ana-bala kənddən köçdülər…

***

Və o gündən gecələr

bir quru, qupquru armud ağacı

rahatlıq vermədi bağban Həsənə.

Girdi yuxusuna

gözünü yuman kimi.

Bir gün belə

Bir ay belə…

Bir il belə…

Və günlərin bir gecəsi

bağban Həsənin evindən

səhərəcən balta səsi yayıldı, –

yayıldı çölə-eşiyə.

Səhər gün işığı düşdü

pəncərədən içəri,

düşdü yorğan-döşəyə.

Bağban Həsən yoxuydu,

bir balta varıydı yorğan-döşəkdə,

didim-didim didilmişdi tiyəsi…

 

…o gündən bağban Həsəni

“gördüm” deyən olmadı…

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد